“Dəli yığıncağı” – Cəlil Məmmədquluzadənin pyesi. Dünya ədəbiyyatındakı orijinal tragikomik pyeslərdən biri. M. əsəri 1927 ildə Bakıda yazmışdır. Özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə pyes şərti, simvolik xarakterdədir. Əsas məsələ Şimali və Cənubi Azərb.
İran və bəzi b. Şərq ölkələrində davam edib gələn dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır. Əsərdə süjet, kompozisiya, hadisələr komik, insanların çoxu gülünc, əsasən təəssüf, qəzəb və nifrət oyadıcıdır. Buradakı «farmasyonluq» da real tarixi məsələdir.
Komediyadakı Dəli Molla Abbasın proobrazları 19 əsr Naxçıvan farmasyonlarından Kərbəlayı Abbas və Abbas Vəzirovdur; farmasyon Rüstəm də xaraktercə, ruhən onlara yaxındır. Süjetdə əsas məsələlər özünü xalqa möhtərəm bir şəxsiyyət kimi göstərən Fazil Məhəmmədin, habelə, Hacı Xudaverdi, Haci Cəfər və s. köhnəpərəst, əxlaq düşkünlərinin boğazdan yuxarı dua etmələrinin, Mehdi Sahibəzzaman və başqalarının işdəklərinin əsl həqiqətdə «dəlilik» dən qeyri bir şey olmadığını tamaşaçıya çatdırmaq, onu ayıq salmaq, oyatmaqdır.
Bu tiplərin səciyyəvi sifətlərindən biri vaxtilə M.F.Axundovıın «Kəmalüddövlə məktubları» nda ifşa olunan möcüzə və «xəvariqat» dır. Molla Abbasın camaatı başına yığıb «həzrətin tumanbağısına lağ etməsi» haqqında hacılardan birinin şikayətində və başqa bir hacının «qurban olum həzrətin tumanına da, tumanbağısına da!» sözlərində M.-nin dini xurafata qəhqəhəsi öldürücü bir balda meydana çıxır.
Bir sıra Şərq təriqətlərində olduğu kimi, farmasyonlar da Fazil Məclisi, Məhəmməd Yəqub Küleyni təki «üləmaya» «İxtiyarat» «Üsuli-kafı» kimi sxolastik kitablara gülür, “imanın zühurunun söhbətində […] mayallaq aşır, “atabir, anabir qardaşlarının əxlaqsızlığını, öz qardaşı arvadı ilə «cimdik-cimdik» oynadıqlarını görüb hiddət və nifrətlə qəhqəhə qoparırlar.
M. bu acı və gülünc həqiqətləri ürəyinin müsibətdən, biabırçılıqdan partlamaq dərəcəsinə gəldiyi bir vəziyyətdə qələmə alıb təsvir etmişdir. O, göstərmişdir ki, «dılğır» adlandırdıqları həmvətənlərinin ehtiyac və dərdlərinə göz yuman, laqeyd qalan, yerli xalqla onun ana dilində danışa bilməyən hakimlərin «millətçiliyi» də, Lalbyüz kimi əcnəbi həkimlərin mənəvi yoxsulluğu, vaizlərin ölüm havası çalan moizələri də pyesin Abbas, Sona, Rüstəm kimi qeyrətli, sevimli, yazıq qəhrəmanlarını dözülməz dərdə düçar etmişdir.
Beləliklə, əsərdə «dəlilik» mövzusu dərindən açılır; mənfi surətlərin nəzərinə «dəlilik» hesab olunan «farmasyonluq» – mövcud həyata biganəlik, ən son nəticədə cəmiyyətə, təbiətə tənqidi münasibət bəsləyən ağıllı, namuslu adamların faciəli taleyinin qeyri-adi təzahürü kimi mənalandırmağı tələb edir və bəraət qazanır. «Ölülər» də olduğu kimi, burada da ədibin gəldıyi nəticə bu idi ki, «dəli» lərin əslində ağıllı, «ağıllılar» ın isə əslində dəli olduğunu düşünmək lazım gəlir. M. özünün klassik yaradıcılıq ənənələrinə sadiq qalıb, yeni dövrdə onları sənətin yeni dili, yeni qanunları ilə təcəssüm etdirmişdi.
“D.y.” pyesi dəfələrlə Azərb. teatrlarında tamaşaya qoyulmuşdur.
Библиотека электронных книг "Семь Книг" - admin@7books.ru
Оставить комментарий